Bayram günü Bakıda işıqforlar yaşıl dalğa ilə işləyəcək [AZ]
Avtobuslar gecə saat 01:00-dək fəaliyyət göstərəcək
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələri tövsiyə edilir.
Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.
Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.
Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.
Sürücülərdən xahiş edilir ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar.
Mənbə: İstiPress
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır [AZ]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb.
Xəbər verildiyi kimi fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Mənbə: AZƏRTAC
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews

