“Azərbaycan dilinin orfoqrafiya lüğəti” mayın sonuna qədər hazır olacaq [AZ]
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu – Lüğətə 4000 yeni söz əlavə olunub
“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” may ayının sonuna qədər hazır olunacaq”.
Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə Nazirlər Kabineti tərəfindən baxılıb: “Yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. Daha sonra baxılması üçün Prezident Administrasiyasına (PA) göndərilib. PA-dan isə lüğəti təkrar olaraq bizə göndərdilər ki, bəzi əlavə və dəyişiklər edək. Biz bundan sonra yenidən lüğəti PA-ya təqdim etdik. Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” may ayının sonuna qədər hazır olunacaq və nəşrə göndəriləcək”.
Akademik qeyd edib ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 113 min sözü əhatə edir: “Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təqribən 5 ildən bir hazırlanır.
Mənbə: Report.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews, weScience