Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı [AZ]
Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.
Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.
Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alıram:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;
3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;
5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki:
6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;
6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;
6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;
7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:
8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;
8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);
8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);
8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;
8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;
8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;
8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;
8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;
9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.
10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2019-cu il.
28 fevral 2019, 13:00
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Xocalıda sonuncu toy… [AZ]
Bu fotonun adı “Xocalıda sonuncu toy”dur.
Vaxt 1992-ci ilin 24 fevralı, Məkan Xocalı şəhəri. Dəhşətli soyqırımından cəmi iki gün əvvəl.
Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı… Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər… Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər…
Xocalı sakinlərindən birinin bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edirik:
“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.
Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.
Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində:
– 8 ailə tamamilə məhv edilib;
– 56 insan işgəncə ilə öldürülüb;
– 27 ailənin yalnız 1 üzvü qalıb;
– 25 uşaq hər iki valideynini itirib;
– 130 uşaq valideynlərindən birini itirib;
– 230 ailə öz başçısını itirib;
– 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
– 1275 nəfər dinc sakin girov götürülüb;
– 1165 insan girovluqdan azad edilib;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Yenilənən sosial müavinətlər – Məbləğlər nə qədər olacaq və necə hesablanacaq? [AZ]
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək.
Xəbər verilir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
Ekspert qeyd edib ki, minimum pensiya artırıldıqdan sonra “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb oldu. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir: “Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Qeyd edim ki, əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə, o zaman pensiyanın hansı məbləğdə olmasından asılı olmayaraq 160 manata çatdırılacaq. Bu, o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bu daha yüksək ola bilər. Buna görə də öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımız onların aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirməkləri vacibdir”.
Yeni sərəncamla müavinət alan şəxslər üçün nə qədər artımlar edilib? – Nazirlik izah edir
İqtisadçı fiziki imkanı məhdud olan şəxslərin hansı hallarda pensiya və sosial müavinət almasına belə aydınlıq gətirib: “”Əmək pensiyaları haqqında” Qanuna əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən, həmçinin hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanuna əsasən isə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır”.
Qeyd edək ki, yeni sərəncamla fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinətlə yanaşı, hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təyin edilib. Yəni fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərci ilə birlikdə 200 manat olacaq. Digər məqam isə odur ki, minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncamla sosial müavinətlərin artımına büdcədən ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və o, 577 min nəfəri əhatə edəcək.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Financial, News of Azerbaijan, weNews
Bu gün Xocalı soyqırımının 27-ci ildönümü günüdür [AZ]
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü (26 fevral 1992-ci il) ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Xəbər verilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer” və s. şüarlar nümayiş etdirilirdi.
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.
Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşdü və söhbət etdi.
Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.
Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verdi.
Mənbə: AZƏRTAC
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [AZ]
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
1.1. yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması;
1.2. sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması;
1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması;
1.4. ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması;
1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması;
1.6. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması;
1.7. beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması;
1.8. uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması;
1.9. dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması;
1.10. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;
1.11. müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;
1.12. müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması;
1.13. əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması;
1.14. 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 fevral , 2019-cu il.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Financial, weNews
Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib [AZ]
Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. Yaponiya KİV-inə istinadla xəbər verilir ki, bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.
Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.
Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.
“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.
Mənbə: Azərtac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Yaşıl çay mikrob əleyhinə güclü təsirə malikdir [AZ]
Yaşıl və qara çay eyni koldan yığılsa da, fərq yalnız çay yarpaqlarının emalındadır. Qara çay xüsusi şəraitdə qurudulur və bunun nəticəsində onun tərkibi bir qədər dəyişərək fermentasiya olunur. Yaşıl çay isə xüsusi emala məruz qalmır, onun istehsalı zamanı yarpaqlar soldurulmadan kəskin su buxarına verilərək qurudulur. Belə emal nəticəsində yaşıl çay yarpağının tərkibindəki xlorofil, aşı maddələr və S vitamininin miqdarı azalmır. Ona görə də isti və quru iqlim şəraitində yaşıl çay bədənin tonusunu və gümrahlığını yüksəldir, hətta az miqdarda içəndə də susuzluğun qarşısını alır və sərinlik bəxş edir.
Xəbər verilir ki, Şərqdə min bir dərdin dərmanı sayılan yaşıl çay güclü antioksidant xüsusiyyətlərə malikdir, orqanizmi müxtəlif zərərli maddələrdən təmizləyir və nəticədə immun sistemi möhkəmlənir, insan cavanlaşır. Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici təsir göstərir və zəhərlənmə ilə uğurla mübarizə aparır.
Alimlərin fikrincə, güclü mikrob əleyhinə təsirə malik olan yaşıl çay insanı fəallaşdırır, əqli və fiziki aktivliyi artırır, əhvali-ruhiyyəni qaldırır. Həkimlər onun axşam vaxtlarında qəbul edilməsini məsləhət görmürlər. Səhər tezdən içilən bir fincan yaşıl çay əmək qabiliyyətinin yüksəlməsinə səbəb olur. Yaddaşı və diqqəti artıran yaşıl çay sinir sisteminə müsbət təsir göstərir, depressiyadan çıxmağa kömək edir. Bundan başqa onun qəbulu həm də ürək-damar sistemi üçün faydalıdır, aterosklerozun əmələ gəlməsi riskini azaldır, arterial təzyiqi aşağı salır. Ona görə də hipotoniyadan əziyyət çəkənlərin yaşıl çay içməsi tövsiyə edilmir.
Yaşıl çay damaq iltihabı profilaktikasında ən yaxşı vasitələrdən sayılır, üstəlik də gözəl kosmetik vasitədir. Antiseptik xüsusiyyətləri sayəsində üz dərisindəki səpgilərlə mübarizə aparır, dəriyə tonuslaşdırıcı təsir göstərir. Kosmetoloqlar onu soyuducuda xırda kub formasında dondurmaq və sonra həmin buzlarla üzü silməyi məsləhət görürlər.
Yaşıl çay çini fincanda dəmlənilir, su çox qaynar olmamalıdır, çünki qaynar su çayın dadını və ətrini dəyişir. Yalnız təzə dəm içilməsi məsləhət görülən yaşıl çay süzüləndən sonra ona qaynar su əlavə olunur.
Mənbə: Azertag
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth
“Qlobal istiləşmə” termininin müəllifi öldü, problem isə… [AZ]
Mütəxəssislər deyir ki, dünyanın böyük dövlətləri ciddi tədbirlər görməsələr, kəskin fəsadlarla üzləşə bilərik
AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqlimşünas Məhərrəm Həsənov deyir ki, iqlim dəyişmələri hazırda bütün dünyada müşahidə edilən bir problemdir: “Qlobal istiləşmə 1961-1990-cı illərin materiallarını Ümumdünya Meteorologiya Təşkilatı norma kimi qəbul edib. 1991-ci ildən bu günə kimi temperaturun yüksəlməsi müşahidə edilir. Ümumilikdə götürüləndə isə son 50 il ərzində yer kürəsinin orta temperaturu təqribən 1 dərəcəyə qədər yüksəlib. Qeyd edilən dərəcə az deyil. Qlobal istiləşmə nəticəsində dünyada olan buzlaqlar əriyər, dünya okeanının səviyyəsi yüksələr və bunun nəticəsində okean sahildə yerləşən ərazilər su altında qala bilər. Digər tərəfdən temperaturun belə yüksəlməsi gələcəkdə quraqlığın artması ilə ərzaq probleminin yaranmasına səbəb olar. Həmçinin su ehtiyatlarının azalması da problemlər yaradar. İstiləşmənin əsas səbəbi isə indiki dövrdə antropogen amillərdir. Bu antropogen amillərin əsasını atmosferə atılan karbon qazının miqdarının artması təşkil edir. Məhz karbon qazının artması ilə atmosferdə istixana effekti deyilən bir şərait yaranır ki, bu da yer kürəsində temperaturun qalxmasına təsir edər. Bu da bir sıra problemlərin baş verməsinə səbəb ola bilər. 2015-ci ilin dekabr ayında Parisdə bir sıra dövlət rəhbərlərinin iştirakı ilə sammit keçirildi və orada bir daha təsdiq edildi ki, son 50 il müddətində yer kürəsinin orta temperaturu yüksəlib. Yəni qlobal istiləşmə davam etməkdədir. Buna təbii fəlakət kimi baxmaq lazım deyil. Bəzi ölkələr öhdəlik götürüblər ki, atmosferə atılan karbon qazı 1992-ci il səviyyəsinə endirilsin və həmin səviyyədə saxlanılsın. Bunun üçün də ilk növbədə müəyyən sənaye müəssisələrində təmizləyici qurğular qurulmalıdır. Həmçinin avtomobillərdən havaya buraxılan zərərli qazları azaltmaq üçün hibrid maşınların istehsalı artmalıdır ki, yanacaqdan az istifadə edilsin”.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
İnsanların Marsa uçuşu təxirə salındı [AZ]
Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan “Mars One” layihəsinin “Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.
Bu barədə “Engadget” nəşrində məlumat yayılıb.
İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.
Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp “Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.
“Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan “Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən “Mars One Foundation” qeyri-kommersiya bölməsi.
Bundan əvvəl layihənin “Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.
Qeyd edək ki, “Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.
Plana görə, layihə çərçivəsində Marsda “yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə “Qırmızı planetə” eniş etməli idi.
Mənbə: Oxu Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
Kibertəhlükəsizlik səviyyəsinə görə ən yaxşı ölkə açıqlanıb [AZ]
Hakerlər bir ay boyunca İsveçrənin elektron səsvermə sisteminə hücum edə biləcəklər.
Xəbər verilir ki, bu addımla İsveçrə hökuməti “Schweizer Post AG” tərəfindən təqdim edilən sistemin etibarlılığını yoxlamaq və həmçinin əhalidə bu sistemə qarşı inam yaratmaq niyyətindədir. Artıq 450-dən artıq haker bu məqsədlə www.onlinevote-pit.ch saytında rəsmi qeydiyyatdan keçib və fevralın 25-dən martın 24-dək elektron səsvermə sisteminə hücum edə biləcəklər. İspaniyanın “Scylt” şirkətinin hazırladığı texnologiyanın yoxlanılması gələcəkdə mümkün boşluq və manipulyasiya imkanlarının qarşısını indidən almağa xidmət edir.
Hakerlərin qarşısına sayt idarəçilərinin xəbəri olmadan sistemi manipulyasiya etmək, saxta seçici profilləri yaratmaq və ya mövcud olanları dəyişmək, hər bir seçicinin məxfi səsvermə nəticələrini aşkara çıxarmaq və onu saxtalaşdırmaq, ümumi səsvermə nəticələrinə təsir etmək və s. tapşırıqlar qoyulub. Hakerlərin marağını artırmaq üçün, ümumilikdə, 250 min İsveçrə frankı məbləğində mükafat fondu da təsis edilib. Hansısa seçicinin kimə səs verdiyini aşkara çıxara bilən hakerə 5 min frank, aşkar edilmədən fərdi səsləri manipulyasiya edən hakerlərə isə 20-50 min frank arasında mükafat vəd edilir.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
- 1
- 2