Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Xəbər verilir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır:
1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
• Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
• Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
• mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
• İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
• dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
• Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
• Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
• dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
• dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
• hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
• kütləvi informasiya vasitələrinin əməkdaşları;
• Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
• dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
• fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.
3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
• təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
• ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
• yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
• Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),
• Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),
• Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.
Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.
Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.
Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
1 nömrəli əlavə
Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat
təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin
Siyahısı
1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
2. “Azəriqaz” İstehsalat Birliyi
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
17. Bakı Nəqliyyat Agentliyi
18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
20. Dövlət Dəniz Agentliyi
21. Dövlət Mülki Aviasiya Agentliyi
22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri
2 nömrəli əlavə
Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin
Siyahısı
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
8. Azərbaycan Respublikasının Energetika Nazirliyi
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
31. Azərbaycan Respublikasının Hesablama Palatası
32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı.
Mənbə: Azərtac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in CoronaVirus Epidemic, News of Azerbaijan, weNews
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:
•Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
•İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
•Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
•Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
•Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
•İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
•Fərdi mənzillərdə təmizlik xidmətləri;
•Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
2.Səhiyyə və sosial sahə üzrə:
•Elmi-tədqiqat və laborator xidmətləri
•Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
•Baytarlıq xidmətləri
•Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
•Sosial xidmətlər
•Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
3.İnfrastruktur sahəsi üzrə:
•Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
•Elektrik enerjisinin istehsalı və təchizatı
•Su təchizatı və meliorasiya
•Telekommunikasiya və rabitə xidmətləri
4.Nəqliyyat və logistika sahəsi üzrə:
•Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
•Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
•Logistika xidmətləri
•İctimai nəqliyyat və taksi xidmətləri
5.Əsas istehsalat növləri:
•Müdafiə sənayesi məhsullarının istehsalı
•Neft avadanlıqları və qurğularının istehsalı
•Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
•Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
•Kimyəvi məhsulların istehsalı
•Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
•Əkinçilik və məhsul yığımı
•Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
•Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
•Metallurgiya sənayesi üzrə fəaliyyət
•Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
•Mühəndislik və layihələndirmə xidmətləri
•Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
•Qablaşdırma məhsullarının istehsalı
•Daş, metal və taxta məhsullarının istehsalı
•Mebel istehsalı və təmiri
•Diri heyvanların kəsimi
6.Pərakəndə və topdan satış üzrə:
•Ərzaq məhsullarının satış məntəqələri
•Apteklər
•Yanacaqdoldurma məntəqələri
•Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
•Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri
7.Məişət xidmətləri üzrə
•Məişət tullantılarının yığılması və utilizasiyası
•Poçt xidmətləri
•Kimyəvi təmizləmə
•Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
•Avtomobillərin təmiri
•Avtomobil yuyulma məntəqələri
•Tərcümə xidmətləri
•Heyvan sığınacaqları
•Dizayn xidmətləri
8.Kütləvi informasiya vasitələri
9.Maliyyə təşkilatları üzrə
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
10.Xüsusi xidmət növləri üzrə
•Çatdırılma xidmətləri
•Məişət avadanlıqlarının təmiri
•Dezinfeksiya xidmətləri
Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
Mənbə: Operativ Qərargah
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in CoronaVirus Epidemic, News of Azerbaijan, weNews
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]
Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI
29 mart saat 00:00-dan etibarən
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.
Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Nəqliyyat vasitələri üzrə:
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.
Ticarət obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
İctimai iaşə obyektləri üzrə:
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
Əhalinin hərəkəti üzrə:
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.
Mənbə: Operativ Qərargah
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər – Rəsmi [AZ]
Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq
Bildirilir ki, bu xəbəri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:
“Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq”.
İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür:
“Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir”.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Kreditlər dondurulacaqmı? [AZ]
Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş bu çətinlikdən olan ağırlığa dövlət şərik olacaq, onu yüngülləşdirməyə çalışacaq
Sosial izolyasiya tədbirləri çərçivəsində işləyə bilməyən vətəndaşların banklara olan kredit borclarını ödəməsi ilə bağlı çətinlikləri yarana bilər.
Məlumata görə, bununla bağlı sualı ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu istiqamətdə yaradılmış xüsusi işçi qrup təkliflər hazırlayır: “Prezident İlham Əliyevin iqtisadi artımı saxlamaq və insanların müdafiəsini təmin etmək barədə Sərəncamı var. Hazırda kritik dövrdür, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün hökumətə tapşırıq verilib, işçi qrupları yaradılıb. Onlara 15 gün vaxt verilib. Aprelin 3-4-nə qədər təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq.
Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov da müsahibəsində bildirdi ki, kredit şərtlərinin yumşaldılması və vergilərlə bağlı hansısa təkliflər olacaq. Prinsip aydındır: Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş bu çətinlikdən olan ağırlığa dövlət şərik olacaq, onu yüngülləşdirməyə çalışacaq”.
Mənbə: Sputnik Azərbaycan
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Financial, News of Azerbaijan, weNews
Yollar bağlandı – kimlər haraya buraxılacaqlar? [AZ]
Rayonlara getmiş şəxslərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar
Bakı, 23 mart – Xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə KİV və ictimaiyyət nümayəndələrindən gələn suallara DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov cavab verib.
Həmin məlumatlıarı təqdim edirik:
Dünyada koronavirus pandemiyasının geniş yayıldığını nəzərə alaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə martın 24-də saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bəs bundan sonra vətəndaşlarımızın ölkə ərazisindəki hərəkəti necə tənzimlənəcək?
Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırlır. Həmçinin, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.
Bəs bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəklərmi?
– Bəli, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.
Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibəti necə olacaq?
Onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər.
Sonda Ehsan Zahidov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar.
Mənbə: Sputnik Azərbaycan
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Azərbaycanda rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb [AZ]
Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Məlumata görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
weNews Team
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
DİN Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda da postlar qurub [AZ]
Növbəti gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.
E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, əsas magistral yollardan başqa Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.
DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib, qayıda bilərlər.
E.Zahidov vətəndaşları Operativ Qərargahın məlum qərarına ciddi şəkildə riayət etməyə çağırıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.
Mənbə: Oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Operativ Qərargahdan 14 mart saat 00:00-da vacib məlumat! [AZ]
Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumat yayıb
Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Xəbər verilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:
• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;
• ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
• ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla)
• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;
• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;
• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;
• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;
• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;
• özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;
• qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;
Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.
Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.
Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
Mənbə: AzərTac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weHealth, weNews