Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:
•Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
•İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
•Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
•Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
•Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
•Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
•İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
•Fərdi mənzillərdə təmizlik xidmətləri;
•Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
2.Səhiyyə və sosial sahə üzrə:
•Elmi-tədqiqat və laborator xidmətləri
•Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
•Baytarlıq xidmətləri
•Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
•Sosial xidmətlər
•Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
3.İnfrastruktur sahəsi üzrə:
•Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
•Elektrik enerjisinin istehsalı və təchizatı
•Su təchizatı və meliorasiya
•Telekommunikasiya və rabitə xidmətləri
4.Nəqliyyat və logistika sahəsi üzrə:
•Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
•Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
•Logistika xidmətləri
•İctimai nəqliyyat və taksi xidmətləri
5.Əsas istehsalat növləri:
•Müdafiə sənayesi məhsullarının istehsalı
•Neft avadanlıqları və qurğularının istehsalı
•Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
•Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
•Kimyəvi məhsulların istehsalı
•Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
•Əkinçilik və məhsul yığımı
•Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
•Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
•Metallurgiya sənayesi üzrə fəaliyyət
•Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
•Mühəndislik və layihələndirmə xidmətləri
•Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
•Qablaşdırma məhsullarının istehsalı
•Daş, metal və taxta məhsullarının istehsalı
•Mebel istehsalı və təmiri
•Diri heyvanların kəsimi
6.Pərakəndə və topdan satış üzrə:
•Ərzaq məhsullarının satış məntəqələri
•Apteklər
•Yanacaqdoldurma məntəqələri
•Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
•Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri
7.Məişət xidmətləri üzrə
•Məişət tullantılarının yığılması və utilizasiyası
•Poçt xidmətləri
•Kimyəvi təmizləmə
•Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
•Avtomobillərin təmiri
•Avtomobil yuyulma məntəqələri
•Tərcümə xidmətləri
•Heyvan sığınacaqları
•Dizayn xidmətləri
8.Kütləvi informasiya vasitələri
9.Maliyyə təşkilatları üzrə
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
10.Xüsusi xidmət növləri üzrə
•Çatdırılma xidmətləri
•Məişət avadanlıqlarının təmiri
•Dezinfeksiya xidmətləri
Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
Mənbə: Operativ Qərargah
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in CoronaVirus Epidemic, News of Azerbaijan, weNews
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]
Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI
29 mart saat 00:00-dan etibarən
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.
Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Nəqliyyat vasitələri üzrə:
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.
Ticarət obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
İctimai iaşə obyektləri üzrə:
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
Əhalinin hərəkəti üzrə:
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.
Mənbə: Operativ Qərargah
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər – Rəsmi [AZ]
Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq
Bildirilir ki, bu xəbəri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:
“Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq”.
İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür:
“Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir”.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Azərbaycanda rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb [AZ]
Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Məlumata görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
weNews Team
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews
Koronavirusa görə kimlər risk qrupundadır? [AZ]
Koronavirus hər yaşda, hər vəziyyətdə insana təsir edə bilər. Ancaq səhhətində problem olanlarda və müəyyən yaşlı insanlarda yoluxmanın nəticəsi daha ağır olur.
Bəs belə vəziyyətdə insanlar nə etməlidir?
“HaberGlobal” bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edib.
Kimlər yüksək risk qrupuna daxildir?
Yaşı 70-dən yuxarı olanlar yüksək risk qrupuna daxildirlər. Bundan başqa yaşları 70-dən aşağı olsa da, xroniki ağciyər xəstəlikləri, xroniki ürək xəstəlikləri, xroniki böyrək xəstəlikləri, hepatit kimi xroniki qaraciyər xəstəlikləri, Parkinson, dağınıq skleroz, serebral iflic kimi xəstəliklər, diabet, dalaq xəstəlikləri, QİÇS kimi xəstəliklərdən əziyyət çəkənlər də ehtiyatlı olmalıdırlar. Bundan başqa dalaq əməliyyatı edənlər, kimyəvi terapiya səbəbindən immuniteti zəifləyənlər, artıq çəkidən əziyyət çəkənlər və hamilə qadınlar risk qrupundadır.
Yaşı 70-dən yuxarı olanlar üçün karantin vacibdirmi?
Mütəxəssislər yaşı 70-dən yuxarı olanların evdə qalmasını, xüsusən də adamların çox olduğu qapalı yerlərə getməkdən çəkinməyi tövsiyə edirlər.
Belə insanlar tək yaşayırlarsa, tanıdıqlarına, yaxud qohumlarına vəziyyəti bildirməli, alış-veriş kimi ehtiyaclar üçün yardım istəməlidirlər. Bundan başqa ailələrə də yaşı 70-dən yuxarı olan tanıdıqlarına mütəmadi zəng edib hal-əhval tutmaları tövsiyə olunur.
Xroniki xəstəlikləri olanlar nə etməlidir?
Yüksək təzyiq, ağciyər xəstəlikləri, zəif immun sistemi kimi problemi olanlara virus yoluxarsa ciddi problemlər yarana bilər. Bu səbəbdən tədbir kimi həmin şəxslər evdə özlərini təcrid etməli, adamların çox olduğu yerlərə getməməli, sosial məsafəyə diqqət etməlidir.
Adi soyuqdəymə olsa belə qətiyyətlə evdə qalmaları və istirahət etmələri tövsiyə olunur. Simptomlar ağırlaşarsa və yeddi gün ərzində özlərini yaxşı hiss etməzlərsə, tibbi müəssisəyə müraciət etməlidir.
Şəkər xəstələri nə etməlidir?
Birinci və ikinci tip diabet xəstələri daha böyük risk altındadırlar. Həkimlərin sözlərinə görə, diabet xəstəliyi olanlar öskürək, yüksək temperatur simptomları ilə yanaşı nəfəs almaqda da çətinlik çəkirlərsə mütəmadi qan şəkəri yoxlanılmalı, yeddi gün evdən bayıra çıxılmamalıdır. Xəstəxanalara, yaxud aptekə getmək olmaz. Vəziyyət yeddi gün ərzində düzəlməzsə, telefonla müvafiq tibbi qurumlara zəng eləmək lazımdır.
Hamilələr qorxmalıdırmı?
Hamilələrin körpələrinin virusa yoluxduğu halı hələ təsbit olunmayıb. Ancaq bununla belə mütəxəssislər hamilələrə diqqətli olmalarını və sosial təması dayandırmaları barədə xəbərdarlıq ediblər.
Siqaret çəkənlər də risk qrupuna daxildir?
Həkimlər ümumiyyətlə siqaretin tərgidilməsinin, ya da ən azı azaldılmasını tövsiyə edirlər. Belə ki, siqaret çəkənlərin nəfəs yolu infeksiyalarına yoluxma ehtimalı digərlərindən iki dəfə artıqdır və asanlıqla sətəlcəm ola bilərlər. Onlar koronavirusa yoluxmadan öncə bu zərərli vərdişdən əl çəkməli və ağciyərdə virusa qarşı immuniteti artırmalıdırlar.
Mənbə: Oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Operativ Qərargahdan 14 mart saat 00:00-da vacib məlumat! [AZ]
Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumat yayıb
Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Xəbər verilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:
• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;
• ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
• ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla)
• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;
• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;
• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;
• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;
• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;
• özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;
• qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;
Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.
Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.
Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
Mənbə: AzərTac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weHealth, weNews
Koronavirusdan qorxanlara əlləri yumağın müsbət faydasını göstərdilər [AZ]
Koronavirusa yoluxmaqdan qorxanlara əlləri yumağın faydasını əyani şəkildə göstərdilər
Sosial şəbəkədə koronavirusun geniş yayıldığı indiki dövrdə əllərin düzgün yuyulmasının vacibliyini vurğulayan fotoşəkil geniş populyarlıq qazanıb. Amerikalı aktrisa Kristen Bell əllərin ultrabənövşəyi lampa altında yuyulmadan əvvəl və sonra necə göründüyünü nümayiş etdirən görüntüləri İnstagramda yerləşdirib.
Şəkli aktrisaya anası göndərib. Foto əlləri sabunla yumağın faydalarını əyani şəkildə göstərir. Altı şəkildən ibarət kollajda əllərin yuyulmadan əvvəl, su ilə yaxalandıqdan sonra və 6, 15 və 30 saniyəlik sabunla yuyulduqdan sonrakı vəziyyəti göstərilir. Şəkil Belldə güclü təəssürat yaradıb. “Hamınıza salam, əllərinizi 30 saniyə ərzində yuyun!” – deyə , aktrisa abunəçilərinə müraciət edib.
Paylaşım 400 mindən çox bəyənmə və təqribən beş min şərh toplaylb Şərhlərdə aktrisanın izləyiciləri əllərindəki bakteriyaların sayının yuyulma müddətindən asılı olacağını düşünmədiklərini qeyd ediblər. Həm də yazırlar ki, bu görüntü koronavirusla yoluxmaqdan qorxan hər kəsə baxmaq üçün tövsiyə olunmalıdır.
“Mesaj üçün təşəkkür edirik! Bu gün mən onu beşinci sinif şagirdləri üçün koronavirus və əllərinizi necə yumaq barədə təbiət dərsi zamanı istifadə etdim! ” abunəçilərdən biri yazıb.
İngiltərə Milli Səhiyyə Xidmətinin bir tövsiyəsinə əsasən əllər ən azı 20 saniyə ərzində və ya ” Happy Birthday” mahnısını iki dəfə oxumağa ehtiyac duyulan müddət ərzində yuyulmalıdır.
Ens.az bildirir ki, martın 7-nə olan məlumata əsasən, dünyada 102 mindən çox insan koronavirusa yoluxub. Onlardan 57,4 min nəfəri sağalmış, 3,4 mini isə dünyasını dəyişmişdir.
Mənbə: Ens.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Koronavirusla bağlı vacib xəbər – Mütləq Oxuyun! [AZ]
Çində yayılan və dünyada ciddi təşvişə səbəb olan koronavirus əslində təqdim edildiyi qədər qorxulu deyil. Virusun dərmanı tapılmasa da, insanlar sadə üsullarla özlərini qoruya bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da İTV-yə müsahibəsində bunları təsdiqləyib
Xəbər verilir ki, koronavirusa yoluxan xəstələrin 81 faizi bu xəstəliyi çox yüngül keçirir. Əsas simptomlar aşağı hərarət və çox az öskürəkdir. Bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5 faiz xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Virusa yoluxmuş insanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, ümumilikdə, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi əsas görülən işlərdir. 65 yaşdan yuxarı olanlar üçün bu virus daha risklidir.
Təşvişə düşməyin, sadəcə ehtiyatlı davranın
Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Çünki bu, yeni virusdur, onunla davranma yolu müəyyən edilməyib.
Narahatlıq yaradan daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı.
Hər kəs bunu etməlidir
İnsanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Xəstəliyin ötürülməsində önəmli olan insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalıdır. Sabun və su olmazsa, spirtlə əllər dezinfeksiya olunmalıdır. Əllərlə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır. Xəstələrə çölə çıxmaq lazım deyil, hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq lazımdır. Əgər ölkədə əhali arasında xəstəlik aşkarlansa, 60-65 və yuxarı yaşda olanlar daha çox evdə qalmalıdırlar. Əhalinin sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır.
Maskalarla bağlı vacib xəbər
Maska koronavirusdan qorunmağa kömək etmir. Onu xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdır. Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Adi maskaların insanları qoruması barədə rəy, yanlışdır. Eyni zamanda maska qıtlığının yaranmasına səbəb olur.
Mənbə: Publika.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!