Koronavirus hər yaşda, hər vəziyyətdə insana təsir edə bilər. Ancaq səhhətində problem olanlarda və müəyyən yaşlı insanlarda yoluxmanın nəticəsi daha ağır olur.
Bəs belə vəziyyətdə insanlar nə etməlidir?
“HaberGlobal” bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edib.
Kimlər yüksək risk qrupuna daxildir?
Yaşı 70-dən yuxarı olanlar yüksək risk qrupuna daxildirlər. Bundan başqa yaşları 70-dən aşağı olsa da, xroniki ağciyər xəstəlikləri, xroniki ürək xəstəlikləri, xroniki böyrək xəstəlikləri, hepatit kimi xroniki qaraciyər xəstəlikləri, Parkinson, dağınıq skleroz, serebral iflic kimi xəstəliklər, diabet, dalaq xəstəlikləri, QİÇS kimi xəstəliklərdən əziyyət çəkənlər də ehtiyatlı olmalıdırlar. Bundan başqa dalaq əməliyyatı edənlər, kimyəvi terapiya səbəbindən immuniteti zəifləyənlər, artıq çəkidən əziyyət çəkənlər və hamilə qadınlar risk qrupundadır.
Yaşı 70-dən yuxarı olanlar üçün karantin vacibdirmi?
Mütəxəssislər yaşı 70-dən yuxarı olanların evdə qalmasını, xüsusən də adamların çox olduğu qapalı yerlərə getməkdən çəkinməyi tövsiyə edirlər.
Belə insanlar tək yaşayırlarsa, tanıdıqlarına, yaxud qohumlarına vəziyyəti bildirməli, alış-veriş kimi ehtiyaclar üçün yardım istəməlidirlər. Bundan başqa ailələrə də yaşı 70-dən yuxarı olan tanıdıqlarına mütəmadi zəng edib hal-əhval tutmaları tövsiyə olunur.
Xroniki xəstəlikləri olanlar nə etməlidir?
Yüksək təzyiq, ağciyər xəstəlikləri, zəif immun sistemi kimi problemi olanlara virus yoluxarsa ciddi problemlər yarana bilər. Bu səbəbdən tədbir kimi həmin şəxslər evdə özlərini təcrid etməli, adamların çox olduğu yerlərə getməməli, sosial məsafəyə diqqət etməlidir.
Adi soyuqdəymə olsa belə qətiyyətlə evdə qalmaları və istirahət etmələri tövsiyə olunur. Simptomlar ağırlaşarsa və yeddi gün ərzində özlərini yaxşı hiss etməzlərsə, tibbi müəssisəyə müraciət etməlidir.
Şəkər xəstələri nə etməlidir?
Birinci və ikinci tip diabet xəstələri daha böyük risk altındadırlar. Həkimlərin sözlərinə görə, diabet xəstəliyi olanlar öskürək, yüksək temperatur simptomları ilə yanaşı nəfəs almaqda da çətinlik çəkirlərsə mütəmadi qan şəkəri yoxlanılmalı, yeddi gün evdən bayıra çıxılmamalıdır. Xəstəxanalara, yaxud aptekə getmək olmaz. Vəziyyət yeddi gün ərzində düzəlməzsə, telefonla müvafiq tibbi qurumlara zəng eləmək lazımdır.
Hamilələr qorxmalıdırmı?
Hamilələrin körpələrinin virusa yoluxduğu halı hələ təsbit olunmayıb. Ancaq bununla belə mütəxəssislər hamilələrə diqqətli olmalarını və sosial təması dayandırmaları barədə xəbərdarlıq ediblər.
Siqaret çəkənlər də risk qrupuna daxildir?
Həkimlər ümumiyyətlə siqaretin tərgidilməsinin, ya da ən azı azaldılmasını tövsiyə edirlər. Belə ki, siqaret çəkənlərin nəfəs yolu infeksiyalarına yoluxma ehtimalı digərlərindən iki dəfə artıqdır və asanlıqla sətəlcəm ola bilərlər. Onlar koronavirusa yoluxmadan öncə bu zərərli vərdişdən əl çəkməli və ağciyərdə virusa qarşı immuniteti artırmalıdırlar.
Mənbə: Oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumat yayıb
Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Xəbər verilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:
• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;
• ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
• ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla)
• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;
• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;
• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;
• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;
• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;
• özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;
• qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;
Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.
Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.
Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
Mənbə: AzərTac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Recent Comments