Xocalıda sonuncu toy… [AZ]
Bu fotonun adı “Xocalıda sonuncu toy”dur.
Vaxt 1992-ci ilin 24 fevralı, Məkan Xocalı şəhəri. Dəhşətli soyqırımından cəmi iki gün əvvəl.
Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı… Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər… Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər…
Xocalı sakinlərindən birinin bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edirik:
“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.
Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.
Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində:
– 8 ailə tamamilə məhv edilib;
– 56 insan işgəncə ilə öldürülüb;
– 27 ailənin yalnız 1 üzvü qalıb;
– 25 uşaq hər iki valideynini itirib;
– 130 uşaq valideynlərindən birini itirib;
– 230 ailə öz başçısını itirib;
– 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
– 1275 nəfər dinc sakin girov götürülüb;
– 1165 insan girovluqdan azad edilib;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Bu gün Xocalı soyqırımının 27-ci ildönümü günüdür [AZ]
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü (26 fevral 1992-ci il) ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Xəbər verilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer” və s. şüarlar nümayiş etdirilirdi.
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.
Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşdü və söhbət etdi.
Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.
Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verdi.
Mənbə: AZƏRTAC
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews