Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. “Qafqazda seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında olacaq.
Qeyd edək ki, hazırda ölkə ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan əlavə, “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyaları işləyir. RSXM-da aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.
Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!