ABŞ ordusu İrəvanda hərbi əməliyyata hazırlaşır? -Məxfi sənəd
Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məxfi məlumat “The National İnterest” dərgisi tərəfindən yayılıb.
Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var.
Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını gizli saxlayır.
Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayırd etmək çətin deyil.
Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer alır.
“The National İnterest”in yazdığına görə, 2015-ci ilin aprel ayına olan vəziyyətə əsasən, ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali olaraq Qafqaz peyzajında qurulub. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib.
Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir.
DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət “Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir.
Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir.
“The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib.
Mənbə: elchi.az
- Published in weNews
Nazirlik: Bir neçə yüksəklik və məntəqə düşməndən azad olunub [AZ]
weNews: Breaking News
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”.
Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”.
“Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq” – deyə məlumatda bildirilib.
Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Qeyd edək ki, Seysulan — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır.
Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib.
Xəbər verilir ki, hadisədən dərhal sonra “vikipediya”da Seysulanla bağlı dəyişiklik edilib. Belə ki, vikipediya yenilənərək məlumat bazasına, “Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib” cümləsi də əlavə edilib.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews

