“Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]
AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq iyun ayının 21-ə təsadüf edən bu astronomik hadisədən danışıb. Bildirib ki, yayın və qışın daxil olması Yay və Qış Günəş duruşu adlandırılır. İyunun 21-də Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur.
Sonra rəsədxana əməkdaşları – Türkan Məmmədova, Ülvi Vəliyev və Ruslan Məmmədovun məruzələrlə çıxış edərək Yerin Günəş ətrafında hərəkətinin xüsusiyyətləri, o cümlədən Yer kürəsində fəsillərin əmələ gəlməsi prosesi barədə məlumat veriblər.
Daha sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weScience, weUniverse
Avropada kosmosa ilk uçuşun 40 illiyi qeyd olunur [AZ]
Bu günlərdə Avropa kosmos tarixində əlamətdar gün – ilk Avropa raketinin fəzaya buraxılmasının 40-cı ildönümü tamam olub. Məhz 1979-cu ilin Milad axşamı (24 dekabr) Fransaya məxsus Qayanada yerləşən Kuru kosmodromundan “Ariane” tipli daşıyıcı raket kosmosa buraxılıb. Raketin qarşısında duran məqsəd yalnız Yer kürəsinin ətrafında dövrə vurmaqdan ibarət idi.
Kosmik tədqiqatlar sahəsində artıq özünə yer qazanan Avropa Kosmik Agentliyi (ESA) yaxın aylarda “Ariane“ raketlərinin 6-cı nəslini kosmosa göndərməyə hazırlaşır. Ötən dövr ərzində böyük rəqiblərlə müqayisədə avropalılar uçuşların təhlükəsizliyi ilə önə çıxmağı bacarıblar. İndiyədək fəzaya buraxılan 250 “Ariane“ raketindən cəmi doqquzunun startı uğursuz olub.
Qeyd edilməlidir ki, 22 dövlətin təmsil olunduğu ESA növbəti beş ildə rekord məbləğdə büdcə ilə təmin olunub. Ötən ay qəbul edilən qərara əsasən, ESA 14,4 milyard avroluq büdcə ilə (öncəki dövrlə müqayisədə 4 milyard daha çox) “Ariane“ raketlərinin təkmilləşdirilməsi üzərində də iş aparacaqdır.
“Ariane“ raketlərinin növbəti nəslinin fəzaya ilk uçuşu gələn ilin iyul ayında baş tutmalıdır.
www.daily-sun.com
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse